Mebelin ucuz və ya bahalı olmasına təsir edən amillər

Mebelin ucuz və ya bahalı olmasına təsir edən amillər

Mebelin ucuz və ya bahalı olmasına təsir edən bir çox amillər vardır. İstehsalçılar, materiallar, işçilik keyfiyyəti, marka adı, reklam xərcləri, məhsulun istifadə ediləcəyi məkan, satış kanalları, çatdırılma şərtləri və sair kimi bir neçə faktor bu qiymət fərqliliyini təyin edir.

Əlbəttə ki, hər kəs mebel seçimində ən keyfiyyətli məsulu ən ucuz qiymətə almağa çalışır. Ancaq el arasında belə bir məsəl də var ki, ucuz ətin şorbası olmaz. Bəs necə etməliyik deyə soruşursunuzsa, tam yerindəsiniz. Biz bu bloq yazımızda mebellərin ucuz və ya bahalı olmasına təsir edən bir sıra əsas amilləri sıralamağa çalışdıq.

Mebelin ucuz və ya bahalı olmasında materialların rolu

Mebelin hazırlanması üçün istifadə edilən materiallar onun qiymətini təyin edən ən önəmli faktorlardan biridir. Ucuzlu mebellər üçün əsasən daha ucuz, tez əldə olunan və sıradan materiallardan istifadə edilir. Məsələn, süni dəri, plastik, mdf və s. materiallar mebelin aşağı qiymətə başa gəlməsinə şərait yaradır.

Daha bahalı mebellər üçün isə təbii heyvan dərisi, müxtəlif ağac növlərindən hazırlanmış taxta, mərmər və ya metal kimi lüks və məşhur materiallardan istifadə edilir. Bəzən mebelin hazırlanması üçün ucuz materialdan istifadə olunması işə yaraya bilərsə, bir çox hallarda qənaət etməklə keyfiyyətsiz məhsul alaraq daha çox xərcə düşmək mümkündür.

Mebel ustalarının işçilik keyfiyyəti

Mebel ustalarının işçilik keyfiyyəti və istehsal bacarıqları da mebellərin qiymətini təyin edən faktorlardan biridir. Yəni tanınmış müəssisənin istehsal etdiyi mebel məhsulları yenicə mebel ustalığına başlamış birinin və ya müəssisənin məhsullarına nisbətən baha olacaqdır.

Bundan başqa, müəssisənin istehsal bacarıqları da məhsulların qiymətinə təsir edir. Misal üçün, seriya ilə istehsal olunan mebellərdə daha az detallara diqqət yetirilir. Əl işi və sifarişlə hazırlanan mebellərə isə daha çox diqqət yetirilir. Əlməttə ki, bu da mebellərin qiymətinə təsir edir.

Mebellərin marka adı

İstehsalçı şirkətlərin marka adı da mebelin qiymətini təyin edə bilər. Məşhur və tanınmış markalar daha yüksək qiymətli mebellər təklif edirlər. Bu, markanın reputasiyasına, keyfiyyətinə və özü haqqında çıxardığı səs-küylərinə əsaslanır.

Belə ki, artıq illərin sınağından keçmiş, mebel istehsalında özünü doğrultmuş şirkətlərin mebelləri əlbəttə ki, müəyyən qədər baha olacaqdır. Burada həmin markaya olan inam öz rolunu oynayır. Bəsi hallarda isə sadəcə marka adına görə dəyərindən artıq ödəniş edilir ki, bu da məsləhət deyil.

Misal üçün, Azərbaycanda yetərində mebel istehsalçıları olduğu halda xarici marka mebellərə üstünlük verilir. Nə üçün? Bəzən keyfiyyətə əminlik üçün, bir çox hallarda isə sadəcə marka adına görə. Halbuki, xaricdə istehsal olunmuş mebellərin daşınması xərcləri artıq olduğundan məhsulun qiymətinin baha olması özünü doğrultmur.

Reklam xərcləri məhsulun qiymətinin artırır

Müasir həyatımızda hər bir məhsulun sonsuz sayda oxşarı və buna uyğun təkliflər vardır. Əlbəttə ki, hər bir məhsulun satışı üçün reklam şərtdir. Bu xərclər isə son məhsun qiymətə təsir edir. Hətta ən düzgün reklam strategiyası və səmərəli reklam kampaniyaları məhsulun qiymətinin artmasına səbəb ola bilər.

Buna görə də bizim məsləhətimiz, radio-televiziya ilə durmadan reklam olunan məhsullardan başqa seçimlərə də göz atmağınızdır. Əlbəttə heç reklam olunmayan və mənşəyi bilinməyən məhsulların da alınması doğru olmaz.

Dizayn və funksional xüsusiyyətlər

Başlıca olaraq sadə və standart dizaynlı mebellər daha ucuz olur. Bir az fərqli dizayn edilmiş, innovativ və funksional xüsusiyyətlərə sahib mebellər daha bahalı ola bilər. Yenilikçi funksiyalar son satış məbləğini artıra bilər.

Mebelin istifadə ediləcəyi məkan və şərtlər

Mebelin istifadə ediləcəyi məkan və şərtlər də qiymətə təsir edə bilər. Məsələn, açıq hava üçün nəzərdə tutulan mebel seçərkən onun hazırlandığı materiallar çox böyük rol oynayır. Həyətyanı sahə və ya bağ üçün nəzərdə tutulmuş mebelin sərt hava şəraitinə dayanıqlı, asan təmizlənən və dözümlü olmasına diqqət yetirməlisiniz.

Sərt hava şəraitinə dayanıqlı, asanlıqla təmizlənən və dözümlü materiallar baha olduğu üçün, bu materillardan hazırlanmış mebellər də baha olacaqdır. Beləliklə, mebelin harada və hansı şərtlər altında istifadə ediləcəyi onun qiymətinə təsir birbaşa təsir edir. Yaxud da siz bu şərtlərə fikir vermədən ucuz mebellər alaraq 2 qat xərcə düşə bilərsiniz.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir